• Bakı
    6.17 m/s
  • 0
  • 0
  • 0
  • 0

Rusiyadan Azərbaycana qaçanları turist saymaq olarmı?

Turizm 26 sentyabr 2022
0
Rusiyadan Azərbaycana qaçanları turist saymaq olarmı?

Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsi bu ölkənin vətəndaşlarının digər ölkələrə, o cümlədən Azərbaycana axın etməsinə səbəb olub.

Bəs bu cür vəziyyət Azərbaycan iqtisadiyyatına, daha dəqiq desək turizmə necə təsir edəcək?

Rusiyadan Azərbaycana qaçanları turist saymaq olarmı?

"NewsCafe" bu məsələ ilə bağlı "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Əhməd Qurbanovla həmsöhbət olub.

Onun sözlərinə görə, səfərbərlikdən yayınmaq üçün Azərbaycana gələn rusiyalıları turist hesab etmək düzgün olmaz.

"Azərbaycan koronavirus (COVID-19) pandemiyasının fəsadlarının minimuma endirildiyi dövrü yaşayır. Məhz bunun nəticəsidir ki, əvvəlki illərə nisbətən ölkəmizdə turistlərin sayı artmaqdadır. Yay fəslində də gördük ki, pandemiya şəraiti olmasına baxmayaraq gəlmə turizmi gözləniləndən daha artıq inkişaf etdi.

Regionda və dünyada gedən geosiyasi vəziyyəti nəzərə alsaq görərik ki, Rusiya və bir sıra ölkələrdən Azərbaycana insan axını var. Amma ümumilikdə götürəndə biz bunu turistik baxımdan dəyərləndirə bilmirik. Çünki bu ölkədən gələn vətəndaşlar daha çox miqrasiya xarakterli səfərlər edirlər. Yəni mövcud olan qeyri-stabil vəziyyətə görə, ölkədən çıxıb Azərbaycan, Gürcüstan və Qazaxıstan kimi qonşu ölkələrə səfər edirlər.

Onların bu səfərlərini turistik səyahət adlandırmaq olmaz. Turist səfərinə çıxanlar adətən hotellərdə qalmağı, turlarda, gəzinti və səfərlərdə iştirakı önəmli görürlər. Bir sözlə turist kimi pul xərcləyirlər və bununla da iqtisadiyyata xeyir verirlər. Hazırkı vəziyyətdə isə gələn turistləri bu kateqoriyadan qiymətləndirə bilməyəcəyik”, - o deyib.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycana Rusiyadan 263 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 70 % çoxdur.

Qeyd edək ki, Azərbaycan Respublikasında 15 gündən artıq (Qazaxıstan Respublikasının vətəndaşları 30 gündən artıq) müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində Miqrasiya Məcəlləsinin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur.

Qeydiyyat üçün əcnəbi ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində (Qazaxıstan Respublikasının vətəndaşları 30 gün ərzində)elektron qaydada Dövlət Miqrasiya Xidmətinin rəsmi saytının elektron xidmətləri və elektron poçt ([email protected] ) vasitəsilə və ya şəxsən regional miqrasiya idarələrinə, yaxud "ASAN xidmət" mərkəzlərinə müraciət edilməlidir.

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930