• Bakı
    18°
    1.03 m/s
  • 0
  • 0
  • 0
  • 0

İlham Əliyev Küveyt və Macarıstanın yeni səfirlərinin etimadnamələrini qəbul edib

Rəsmi xəbərlər 19 sentyabr 2022
0
İlham Əliyev Küveyt və Macarıstanın yeni səfirlərinin etimadnamələrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidinin etimadnaməsini qəbul edib.

"NewsCafe" xəbər verir ki, səfir Abdullah Mohamed Abdullah Almauidi etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı səfirin diplomatik fəaliyyəti dövründə əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan-Küveyt münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev Küveytə səfərini məmnunluqla xatırladı, siyasi əlaqələrlə yanaşı, iqtisadiyyat, energetika və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu qeyd etdi. Biznes dairələri arasında münasibətlərin yaradılmasının və qarşılıqlı səfərlərin təşkil olunmasının ticarət dövriyyəsinin artırılmasına xidmət edəcəyini vurğulayan Prezident İlham Əliyev pandemiyadan əvvəl Azərbaycana çoxsaylı küveytli turistin səfər etdiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı bu rəqəmin daha da artacağına əminliyini bildirdi.

Azərbaycanın və Küveytin beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, OPEC+ çərçivəsində əməkdaşlığının vacibliyini qeyd edən Prezident İlham Əliyev işğal dövründə Küveytin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın həmişə İslam həmrəyliyinin gücləndirilməsinə mühüm töhfələr verdiyini qeyd etdi.

Prezident İlham Əliyev Ermənistanın işğal dövründə ərazilərimizdə vandalizm aktları törətdiyini vurğulayaraq, 67 məsciddən 65-nin dağıdıldığını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirdiyini, bu prosesdə Küveyt şirkətlərinin də iştirakının mümkünlüyünü vurğuladı.

Azərbaycan Prezidenti müharibənin başa çatmasından iki ilə yaxın müddət ötməsinə baxmayaraq, Ermənistan tərəfindən təxribatların davam etdirildiyini dedi. Prezident İlham Əliyev Ermənistanın sərhəddə törətdiyi genişmiqyaslı təxribatın sülh prosesinə mane olmaq məqsədi daşıdığını qeyd etdi.

Səfir Abdullah Mohamed Abdullah Almauidi Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabahın salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Küveyt Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi.

Səfir dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsini vurğulayaraq, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin olduğunu qeyd etdi. Abdullah Mohamed Abdullah Almauidi ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsinin vacibliyini bildirdi. Diplomat ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğuladı, ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da həmçinin Macarıstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanın etimadnaməsini qəbul edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycan ilə Macarıstan arasında çox yaxşı siyasi əlaqələrin olduğunu, ölkələrimizin iqtisadiyyat, ticarət, enerji və digər sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib. Prezident İlham Əliyev Macarıstanın Avropa İttifaqında Azərbaycanın ən vacib tərəfdaşlarından biri olduğunu qeyd etdi və səfirə fəaliyyətində uğurlar arzulayıb.

Tamaş Yojef Torma Macarıstanın Baş naziri Viktor Orbanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Macarıstanın Baş nazirinə çatdırmağı xahiş edib.

Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin dostluğa və qarşılıqlı hörmətə əsaslandığını vurğulayan səfir bildirib ki, bu, strateji tərəfdaşlıq zəminində olan münasibətlərdir. Azərbaycanın Macarıstan üçün vacib tərəfdaş olduğunu vurğulayan Tamaş Yojef Torma ölkəsinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığını bildirib. Diplomat vurğulayıb ki, Azərbaycan mühüm geosiyasi mövqedə yerləşir. Bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik.

Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində səylərini əsirməyəcəyini bildirib.

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930