• Bakı
    6.17 m/s
  • 0
  • 0
  • 0
  • 0

Energetika 08 sentyabr 2022
0
Bakıda 4 binanın elektrik problemi: "Dörd dəfə yanğın baş verib, beşincidən qorxuruq" - REPORTAJ

Beş gün əvvəl Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156 ünvanında yerləşən binada yanğın baş vermişdi. Yanğının səbəbi elektrik xətlərində həddən artıq yüklənmə idi.

Hadisəni araşdırmaq üçün "Report"un çəkiliş qrupu adıçəkilən ünvanda olub. Müxbirimizin sakinlərlə söhbətindən aydın olub ki, bina neçə ildir işıq problemi yaşayır. Sakinlər isə "Azərişıq" ASC-dən bina üçün transformator quraşdırmasını xahiş edirlər.

Sakin Dəniz Əsədova "Report"un əməkdaşı ilə söhbətində bildirib ki, artıq neçə ildir işıq problemindən əziyyət çəkir. Onun sözlərinə görə, artıq dördüncü dəfədir bu binada yanğın baş verir:

"Beşinci yanğının baş verəcəyindən qorxuruq. Sakinlər evlərini təmir edib köçdükdən sonra elektrik lövhələri həddindən artıq yüklənir. Binanın uzun müddətdən bəri transformatoru yoxdur. Mən şəxsən üç ildir bu binada yaşayıram. Uşağım da, özüm də neçə dəfə işıqlar sönüb deyə, liftdə qalmışıq. Artıq son 2 həftə ərzində 2 güclü yanğın baş verib. Bir yanğın binanın zirzəmisində, digəri isə eyvanda. Buna səbəb də elektrik lövhələrinin nasazlığın olmasıdır. Son yanğında evimə ziyan dəyməsə də, mən və uşaqlarım tüstüdən zəhərləndik, səhhətimizdə problem yarandı. Bu yanğın gecə olsaydı, artıq bizim heç birimiz həyatda olmayacaqdıq. Evdən çıxa bilmədik. Biz iş adamlarıyıq, ölkə xaricində və ya rayonda oluruq. Evdə olmasaq belə çıxır evimiz kül ola bilər. Çox xahiş edirik ki, "Azərişıq" ASC bizlərə yardım əlini uzatsın bu bəladan canımız qurtulsun".

Sakin Bağman Məmmədov isə artıq 15 ildir bu binada yaşayır. Onun sözlərinə görə, bütün bu problemlərin başında binanı tikən "Sahil D Company" MMC durur:

"Təqaüddə olan vergi polkovnikiyəm və ikinci qrup əliləm. Onlar bu binada heç bir iş görmədilər. Binaya su və qaz xətlərini da biz sakinlər yığışaraq özümüz çəkdirdik. Binanın həyətini asfalt örtüyünü özümüz saldırdıq. Bizim bəxtimiz onda gətirdi ki, yanğın gündüz saatlarında baş verdi. Əgər yanğın gecə saatlarında olsaydı ikinci Binəqədi faciəsi yaşanacaqdı. Mən şəxsən bir saatdan çox evimdən çıxa bilmədim. İndiki işıq xətti qeyri-qanuni olaraq Bakı Əyləncə Mərkəzindən götürülüb. Kommersiya qiymətinə - 13 qəpikdən ödəniş edirik. 20 min manat pul lazımdır ki, yanğından sonra elektrik lövhələrini təmir edək və binanı işıqla təmin edək. Biz çox xahiş edirik "Azərişıq" ASC bizə kömək etsin. Və qurumla biz əl-ələ verərək bu işin öhdəsindən gələk".

Zaur Nuriyev isə deyir ki işıq probleminə görə ailə üzvləri dəfələrlə liftdə qalıb:

"Bu binaya köçəndən işıq problemini yaşayıram. Müştərək cəmiyyət yaratdığı xırda problemlər həll olundu ancaq işıq problem olaraq qaldı. Yanğından qabaq biz neçə dəfə demişdik ki yüklənmə var yanğın olacaq tədbir görmək lazımdır. Təbii ki tədbir də pula bağlı olan məsələdir. İstəyimiz odur ki, "Azərişıq" ASC binaya işıq çəksin, transformator məntəqəsi quraşdırsın. Neçə dəfə mənim evimdə soyuducu, paltaryuyan maşın yanıb".

Ərazidəki 4 binanın hər birinin analoji problemi var. Həmin binaların idarə edilməsi ilə məşğul olan "Xətai 33" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri Mirzağa Ağayev isə "Report"a bildirib ki, ünvanda yerləşən 4 bina 2007-ci ildən tikilib. Onun sözlərinə görə, binanı digər MTK-dan götürəndə su, qaz xətləri və lift olmayıb:

"Sakinlər öz aramızda pul yığdıq, hər binaya 2 lift qoyuldu, eləcə də kanalizasiya sistemi, qaz və su xətləri çəkildi. Hazırda burada 350 ailə yaşayır. Bizim özümüzün transformatorumuz yoxdu. İstəyimiz odur ki, "Azərişıq" ASC ilə birgə transformator təşkil edək. Biz bu yaxınlarda "Azərişıq" ASC -nin sədri Vüqar Əhmədovun qəbulunda olduq və söz verdi ki, sizə iki ədəd 1600 kva transformator lazımdı və biz almalıyıq, kabellərin çəkilməsi, kommunikasiya xətlərinin çəkilməsi, sayğacların quraşdırılması, eləcə də kodların açılması bu kimi işləri Azərişıq edəcək. Amma üstündən 3 ay keçməsinə baxmayaraq bir xəbər yoxdur".

Mövzu ilə bağlı "Azərişıq" ASC-nin idarə rəisi Vaqif Mustafayev "Report"a bildirib ki qurum rəhbərliyinin humanist addımı nəticəsində problem aradan qaldırılacaq:

"Həmin MTK-nın nümayəndələri ilə "Azərişıq " rəhbərliyi dəfələrlə görüşüb və onlara izah olunub ki, həmin ərazidə "Azərişıq" öz üzərinə düşən öhdəliyi yerinə yetirməyə hazırdır. Hətta güzəşt olaraq ora əlavə işçi qüvvəsi və texnika göndərməyə hazırdır, güc mənbəsinə qədər elektrik xəttinin çəkilməsini də öz üzərimizə götürürük. Eyni zamanda binadakı sakinlərin sayğacla təmin olunması və daxili təchizatda uçot sisteminin yaradılmasını da həyata keçirməyə hazırıq. Amma orada yeganə güc mənbəyi olan transformator məntəqəsinin qoyulmasını MTK nümayəndələri həyata keçirməlidirlər.

Bununla belə MTK rəsmiləri heç cürə bu öhdəliyi üzərlərinə götürmək istəmirlər. "Azərişıq" rəhbərliyi son olaraq belə bir qərar qəbul etdi ki, həmin problemin bütövlükdə həllini öz üzərimizə götürürük. Yaxın günlərdə həmin əraziyə yeni xətt çəkiləcək. Əlavə transformator məntəqəsi qoyulacaq və sakinlər, mənzillər yeni elektrik sayğacları ilə təmin olunacaq".

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930