• Bakı
    22°
    7.2 m/s
  • 0
  • 0
  • 0
  • 0

VİCDAN

Ədəbiyyat 22 iyun 2022
+1
VİCDAN

Bakı-Quba yolunun 59-cu kilometrliyində elə bir tozanaq qopdu ki, göz-gözü görmürdü.İlk saniyələrdə nə baş verdiyini ayırd etmək mümkün deyildi. Elə bil, kimsə maşını əli ilə çöndərib əks yola çıxartdı.Dairəvi formada fırlanan və hər dəfəsində yolun beton kənarlarına çırpılan Lexus son həmlə ilə üzüaşağı, ağaclığa doğru yol aldı.Qəribə idi,radioda hələ də mahnı səsi kəsilməmişdi.
                                       Qde tı tam, qovori-ostalos 5 minut
                                       Yesli serdçe qarit,yest vremya vsyo vernut
                                       Ya promokşiy ,ya v nol-qde tı otveçay
                                       Ya pridu za taboy, ştob zanovo naçat
 
  Səid gözlərini nə qədər tərpədib açmaq istəsə də ,başından axan qan gözlərinə dolub ona imkan vermirdi.Yavaşca “ Hilal ,Hilal “– deyə inildədi.Səs gəlmədi.Bütün gücünü toplayıb başını azca sağa doğru tərpətdi,gözləri qıyıq formada onu görməyə cəhd etdi. Amma ele bil Hilal heç on dəqiqə öncə yanında oturan adam deyildi, qeybə çəkilmişdi.Bir az daha başını tərpədib arxaya doğru baxmağa çalışdı. İndi anladı, Hilalın olduğu oturacaq tərsinə çevrilmişdi.Böyük ehtimal maşın yuvarlananda Hilal qapıdan bayıra düşmüşdü.Ürəyindən ele bir sancı qopdu ki...
Demək belə, ölümü bu cür olacaqmış.Beyninə qəribə fikirlər doldu. Bir həftə qabaq, tam da bir həftə, bu yol ilə eyni bu cür, amma bağlarına yox, istirahət mərkəzlərindən birinə gedirdi.Hər şey eyni idi, yalnız Hilal yox, Arzuyla. Birdən-birə dərindən nəfəs aldı.Sevindi ki, bu hadisə nə yaxşı o zaman baş vermədi. Əgər bu hadisə keçən həftə baş versəydi və mən sağ qalsaydım Hilalın üzünə necə baxacaqdım?! Dodağında ani gülümsəmə yarandı.Tez də yox oldu.Necə gic-gic fikirlər gəlir ağlıma.Amma bir rahatlıq hiss etdi canında.Elə bil böyük bir problemdən sıyrılıb qurtarmışdı.

Ayağını hiss etmirdi.Nə qədər çalışsa da, nə baş verdiyini anlaya bilmədi.Bədəninin demək olar ki, heç bir üzvünü idarə edə bilmirdi.Bir gözləri tərpənirdi, onu da qan tutmuşdu.
Nə qədər bayılmış vəziyyətdə olduğunu, hətta günün hansı saatı olduğunu da müəyyənləşdirə bilmirdi.Özünə gələndə qızının səsi gəldi qulağına.
- Ata,məni də aparın.Siz olmayanda çox darıxıram.
- Sənin dərsin var,qızım.Müəllimən həftəsonu onlayn dərslərə qoşulmağını tənbeh edib.Nənəngil də sənin üçün darıxıb.Bu həftəsonunu onlarla keçirt.Gələn dəfə ,söz ,səni də aparacayıq.
  Bəlkə də həyatında verdiyi ən düzgün qərar idi.Nə yaxşı Aysunu özümüzlə gətirmədik.Qapıdan çıxanda balaca ovuclarında gizlətdiyi kiçik kağız parçasını atasına vermişdi.”Yolda oxuyarsan” -deyərək sağollaşmışdı.Cibində idi kağız.Yaqinki oxumaq qismətim olmayacaq.Ayağıma görəsən nə olub? Niyə hiss etmirəm? Gözləri qeyri-ixtiyari yumuldu.
Özünə gələndə radioda ən çox sevdiyi mahnılardan biri səslənirdi.Hətta diskə də yazdırmışdı bu mahnını.Müxtəlif ifaçıların səsləndirməsində
                                               Getmə uzaqlara qal,sənə qurban
                                               Bu dilsiz ağızsız lal,sənə qurban
  - Doktor,atam əməliyyat olmasa yaşamayacaq,imkanımız yoxdur,kirayədə yaşayırıq.Xahiş edirəm kömək edin.
  - Doktor,qızımın üç uşağı var.Yoldaşı müharibədə həlak olub.İmkansızıq,nolar yardım edin.Əməliyyat olunmasa uşaqları yetim qalacaq.
  - Siz necə həkimsiz?!Anlayıram hisslərinizi dondurmaq,idarə etmək məcburiyyətindəsiniz.Bəs vicdanınız???

Vicdan- ilk dəfə idi ki bu barədə düşünürdü.Axı mən vicdansız deyiləm.Niyə axı ancaq neqativ hadisələri xatırlayıram? Niyə??? Mən neçə cana həyat vermişəm, neçə ürəyi dayanmaqdan qurtarmışam.Saatlarımı, günlərimi, həyatımın böyük bir hissəsini buna həsr etmişəm...Beynim çökür. Qəribədir,heç vaxt bu qədər fikir burulğanına düşməmişdim.Görəsən doğurdan vicdansız olmuşam? Bəlkə də o qocaya kömək etməliydim...
 
  Dostu Nadir gətirmişdi qocanı klinikaya.Həyətlərində yaşayırdı, kimsəsizdi.Həyətdə qonşuların maşınlarına baxır aldığı bəxşişlərlə zar-zor dolanırdı.Bir gün Nadir səhər işə gedəndə qocanı yerə yıxılı vəziyyətdə görür.Elə o dəqiqə qonşularla köməkləşib qocanı maşına mindirib dostu Səidin işlədiyi klinikaya gətirirlər.Səid müayinə edib bəzi analiz və tibbi aparatlardan keçməsinin lazim olduğunu bildirir.Nadir heç tərəddüt etmədən hamısını yerinə yetirir.Və nəticə...Səid nəticələrə baxır və beynində götür-qoy etməyə başlayır.Demək belə,vəziyyət yaxşı deyil.Hər an ölüm təhlükəsi var.Mütləq əməliyyat lazımdır.Doğruları desəm, Nadirdən üzüm keçməyəcək əməliyyat etməliyəm.Kimsəsiz biridir ödəniş edə bilməyəcək, mən də Nadirdən pul götürəsi deyiləm.Yaşı da keçib.Nə yaşayar yaşasın.Bu yaşda həngamə açmaq lazım deyil.Onsuz cavan deyil,bir il tez bir il gec.Nə fərqi var?! (Necə səfeh fikirlərim olub.İndi bir il yox,bir gün daha yaşamaq üçün nələr verməzdim!) Qoca da ele baxırdı gözlərinin içinə.Yaşamaq istəyirdi.Gah Nadirə, gah ona təşəkkür edir, az qalırdı əllərindən öpsün bu nəvəsi yaşında adamların.Başqa vaxt olsa heç tərəddütsüz əməliyyatın vacibliyini bildirər və qiyməti deyib görüşü bitirərdi.İndi isə Nadirdən keçə bilmirdi.20 ilin dostu idilər.Həm qonşu, həm sirdaş olublar.Səidin atası rəhmətə gedəndən sonra Nadirgil onun təhsilində, həyatında çox dəstək olmuşdular.Hər dəfə çətinə düşəndə yanında Nadiri görmüşdü.Birdən qeyri-ixtiyari gülümsədi.Bir dəfə Nadirlə (məktəb vaxtlarında) qonşuları Zöhrə xalayla zarafatlaşmaq qərarına gəldilər.Zəhra xala 60-65 yaşlarında tənha yaşayan bir xanım idi. Əri rəhmətə gedəndən sonra aman-zaman oğlu Rusiyaya getmiş, uzun illər heç bir xəbər almamışdı.Elə bu hadisələr Zöhrə xalanı aqressiv biri etmişdi.Qapısını çalmaq mümkün deyildi. Qışqıra-qışqıra qapını açar, hamını acılayardı.Qonşular ona anlayışla yaxınlaşırdı, acısını bilirdilər.Həm də məhlənin köhnə sakinlərindəndi.Elə bil doğmalaşmışdılar.Köhnə qonşular xətrini çox istəyirdilər.Hə,demək bir gün Səidlə Nicat kompyuterdə saxta işıqpulu,supulu qəbzi çıxardıb (hərəsində xeyli məbləğdə borc göstərməklə) Zöhrə xalanın qapısına taxdılar.Səhəri bütün məhlə Zöhrə xalanın səsi ilə açdı. ”Allah heç sizin dadınıza yetməsin.Hərifləməyə adam tapmadınız da məni tora salırsız? ”Çantasını qapmaqla özünü işıq və su idarəsinə çatdırıb.Sonradan işıq və su pulu yığmağa gələn idarə əməkdaşları idarədə nə mərəkənin qopduğunu həyətdə danışırdılar.Zöhrə xala elə bir fəğan qopardıb ki, sədr özü onunla görüşüb məsələni aydınlaşdırıb.Əlbəttə ki, qəbzlərin saxta olduğu ortaya çıxanda Zöhrə xala pərt olub. Nədənsə məhlədə səs-küy salmadı.Küsdü,incidi. Onunla zarafat edildiyini anlayanda bir az da cılızlaşdı, söndü, həyat eşqi, yaşamaq həvəsi lap tükəndi.Heç araşdırmadı da kim edib bunu.Deyirmiş nə fərqi var kim edib?! Atılan ox eyni məsafədəndir.Kim olduğunu bilmək məsafəni uzaqlaşdırıb ağrını azaltmayacaq. Nadirlə olan xatirələr onun bu çətin vaxtında eynini bir az açdı.Kaş o vaxt Zöhrə xaladan üzr istəyərdik.Dəfnində də yalnız qonşular oldu.Kimsəsiz kimi torpağa tapşırıldı.Görəsən mən necə olacam? Qurtulacam bu qaranlıqdan? Niyə bu qədər narahatam? Ürəyimdən daş asılıb.Ölə də bilmirəm.Fikirlər beynimi deşir.Yatmaq istəyirəm, sakitləşsin beynim.Eh Nadir, niyə axı o qocanın siması gözümdən getmir?Görəsən neçə saatdır bu vəziyyətdəyəm? Bəlkə də on saat keçib.Hava lap qaralıb.Acdığını hiss etdi.Dodağı susuzluqdan quruyub.Beyni isə qarmaqarışıqdı.Əlbəttə, Nadirin yaxın bir adamı olsaydı qoca, belə hərəkət etməzdi.Əməliyyat lazım olduğunu bildirərdi.Kimsəsiz qoca kişidi də.Fikirləşdim ki, özümü əncələ salmayım.Hələ də özümə bəraət qazandırıram?! Nadir mənim yerimdə olsaydı etməzdi belə.Əminəm ki, etməzdi.İki-üç dərmandan ibarət resept yazıb yola verməzdi qocanı.Ən çox da qocanın qapıdan çıxarkən minnətdarlıqla əlini sinəsinə qoyub təzim etməsi gözünün önündən getmirdi.Yox, mən də haqlıyam, hər kəsi qarşılıqsız əməliyyat edə bilməzdimki!!! Mən də insanam. Amma Nadir...Axı o sıradan biri deyildi. Bir həftə çəkmədi qocanın ölümü.Nadir ona heç nə demədi,amma o anladi daha əvvəlki kimi münasibət göstərmir Nadir.Ürəyi qırılmışdı.Məclislərdə üz-üzə gələndə dodaqucu salam verir,söhbətin çox uzanmaması üçün nəsə bəhanə edib uzaqlaşırdı.Səid indi fikirləşidi bütün bunları,o vaxtlar heç vecinə də deyildi.”Böyük balıqlar kiçik balıqları udmalıdır” prinsipi ilə yaşayır, hər şeyə nail olmaq istəyirdi.Ad-sanı, günü- gündən artan pulu onu hər ötən gün bir az da qəddarlaşdırırdı.
  ”Hilal”-deyə gözünü açmadan yenə pıçıldadı.Səs-səmir yox idi.Radio isə elə hey astadan qığıldanırdı.
                                       Yesli tı,drujok,ves v somnenyax,
                                      Şto -to ne tak -valnuetsya duşa,
                                       V qolove tvoey putayutsya mıslı,
                                       Tı paşyol ne toy dorojkoy- eta nesprosta.
                                       Tı satvoril nedobroe delo,
                                       Kavo-to obmanul ili obidil vdruq.
                                      Zapomni -ka,drujişe,çistaya sovest
 
                                         Eta tvoy samıy vernıy druq!
 
    Kəs səsini! Cəhənnəm olun hamınız!!! Əlində olsa maşının radiosunu qırıq-qırıq edərdi.Sus!!! Beyninə əmr verirdi.Fikirləşmə,yalvarıram sus! Gözləri yumuldu.Aydın səma kimi mavi bir boşluğa düşdü.Quş kimi idi ,yalız sağ əlində ağırlıq var idi.Ovuclarında nəsə hiss etdi.Gözlərinə inanmadı ,qızının məktubu.Qəhər boğazında düyünləndi, az qala ən son arzusu olan balaca Aysunun məktubunu oxuya biləcəkdi.Tələsik vərəqi açdı, qızının sevgi dolu cümlələri yerinə 6 hərfli o söz onu əbədi bir qaranlığa qərq etdi.

Tovuz Əliağaqızı

Oxşar xəbərlər
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930