• Bakı
    6.17 m/s
  • 0
  • 0
  • 0
  • 0

“JEK” rəisi: “Oğlum 2,5 milyonu artıqlaması ilə qaytarıb”

Məhkəmə 19 fevral 2022
0
2,5 milyon manatlıq dələduzluqda təqsirləndirilən Xətai RPİ-nin keçmiş əməliyyat müvəkkili Elvin Həşimlinin atası Elçin Həşimov oğluna qarşı ittihamları qəbul etmir.
"NewsCafe"nein məlumatına görə, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi olan Elçin Həşimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, oğlunun biznes şəriki Möhkəm Səmədov ona qarşı əsassız ittiham səsləndirir.
Qeyd edək ki, M.Səmədovun şikayəti əsasında E.Həşimli barəsində cinayət işi başlanılıb. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
E.Həşimov oğlunun Möhkəm Səmədovdan aldığı pulların hamısını artıqlaması ilə qaytardığını iddia edir: “Elvinin öz obyektləri var idi. Sonra dostu Cavidlə şərikə əlavə bir dükan da götürdü. Cavid Möhkəmin bacısı oğludur. Möhkəm də görüb ki, bunların alveri yaxşı gedir, özü Elvinə təklif edib ki, onu da bu işə qoşsun. Birlikdə siqaret, “zapçast” və telefon biznesi ilə məşğul olublar. Qeyd edim ki, Möhkəm hələ mənim yanıma ilk dəfə 2019-cu ildə gəlib. Nərimanov rayonunda torpaq almaq istədiyini deyib. Mən də ona demişəm ki, torpaq almağa yox, amma torpağın varsa, sənədləşmə işinə kömək edə bilərəm. Hər hansı məbləğ söhbəti etməmişik.
Bir gün isə Möhkəm yanıma gəldi ki, guya oğlumun ona 900 min dollar borcu var. Bu pulu bir neçə dəfəyə verdiyini dedi. Elvinlə danışdım, dedi ki, “ata, mən o pulu artıqlaması ilə qaytarmışam”. Möhkəm Səmədov üçüncü dəfə gələndə dedi ki, borc 1 milyon dollardır. Növbəti dəfə isə 1,5 milyon dollar (2,5 milyon manat) olduğunu dedi. Məbləğin hər dəfə belə dəyişməsi məndə şübhə yaratdı. Möhkəm mənə borc qeydlərinin şəkillərini göndərdi. Həmin qeydlərə baxanda anlamaq olur ki, Elvin bütün pulları qaytarıb. İstintaqa dəfələrlə demişəm ki, o qeydləri işə əlavə edin, amma edilməyib. Vərəqləri istintaqa mən təqdim etmişəm”.
Elçin Həşimov şahidlər dindiriləndən sonra hər şeyin üzə çıxacağını bildirib: “Möhkəm deyir ki, Elvin pulu Gürcüstanda qumarda uduzub. Elvin həyatında Gürcüstana getməyib. Amma onun öz bacısı oğlunun pasportunda dəfələrlə Gürcüstana gedib gəlməsini təsdiq edən möhür var. Qeyd edim ki, Möhkəm əvvəl öz bacısıoğlunu da şikayət etmişdi. Bildiyimə görə, orada 700-800 min dollar söhbəti olub. Amma sonra nə baş verdisə, şikayətini geri çəkdi. Möhkəm Səmədov başqa yerdə itirdiyi pulları bizdən çıxarmaq istəyir. Borc Möhkəmin yaxın adamlarının yanında ona qaytarılıb. O, bir ifadədə deyir ki, Elvin 330 min dollar qaytarıb, birində 660 min, digərində 480 min. Üstəlik, bir insanın bu qədər pulu hardandır ki, bu məbləğdə borclar versin? İşin içində başqa hallar da var, amma mən onları açıqlamaq istəmirəm”.
Elçin Həşimov Möhkəm Səmədova məxsus çay evinə polislər tərəfindən edilən basqının oğlu ilə heç bir əlaqəsi olmadığını bildirib. O, oğlunun sahibkarlıqla məşğul olduğu üçün daxili işlər orqanlarından xaric edildiyini təsdiqləyib.
Qeyd edək ki, E.Həşimli həm də Xocalı rayon icra başçısının müavini Vahid Əliyevin kürəkənidir.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28