Яндекс.Метрика
  • RUB 0.0234
  • TRY 0.1992
  • USD 1.7000
  • EUR 2.0014

Bakıda zənginlərin nömrə yarışı

Maraqlı / Redaktor seçimi 31-Jul, 21:53
Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni seriya nömrəsi verilir. Artıq bir neçə gündür nəqliyyat vasitələrinə 77 seriyalı şərti kodun verilməsinə başlanılıb.
Yeni seriya nömrəsi ilə bağlı sürüclərin fikirləri birmənalı deyil. Çoxları bunu maraqla qarşılayır. Yeni nömrələrlə bağlı gözəyarı qiymət çıxaranlar da var. İnsanların bir qismi də hesab edir ki, bu cür nömrələrə ehtiyac yox idi. Nömrənin necə olmasının isə bəzi insanlar üçün heç bir fərqi yoxdur. Nəqliyyat eksperti Elməddin Muradlı AYNA-ya şərhində deyib ki, ölkəmizdə yeni-yeni seriya nömrələrinin çıxması bir çox suallar doğurur: “Çünki Bakıdan daha böyük şəhərlərdə belə, bu cür proseslər getmir. Məsələn, İstanbulda bunu başqa cür tənzimləyirlər. Əgər artım baş verirsə, onlar hərflərin kombinasiyası yolu ilə bu məsələnin həllinə nail ola bilirlər. İstanbulda seriya nömrəsi 34-dür, amma hərflər iki vəya üç hərflərdən ibarətdir. Belə olan halda nömrə kifayət edir. Bakı şəhərində isə yeni nömrələrin verilməsi məndə heç bir maraq kəsb etmir”.
“Amma nömrə həvəskarı olan insanlar var ki, buna görə müraciət edirlər. Və yaxud da Azərbaycanda son vaxtlar avtomobilləşmə sürətlə gedir. Bu da ondan irəli gəlir ki, vətəndaşlar artıq köhnə avtomobillərdən yaxalarını qurtarmaq, yeni avtomobil almaq istəyirlər. Həmin insanlar yeni avtomobil alanda köhnə avtomobillərini satmırlar. Bəzi insanlar köhnə maşınlarını öz həyətlərində saxlayırlar ki, bəlkə nə vaxtsa dövlət proqramı olacaq və həmin maşınlara görə onlara pul veriləcək. Bəzən məhəllələrdə təkərləri çıxarılmış, kubik daşları üstündə saxlanılan maşınlar görürsən. Kəndlərdə, rayonlarda bu cür maşınlar yüzlərlədir. Hətta içərisində toyuq-cücə saxlayırlar”, - deyə həmsöhbətimiz bildirib.
Ekspert belə köhnə, yararsız avtomobillərin hamısının üzərində nömrə nişanları olduğunu vurğulayıb: “Onlar cərimə meydançalarında çürüyüb gedir. Yol polisinin dəfələrlə müraciət etməsinə baxmayaraq, sahibləri həmin maşınları ərizə yazaraq təhvil vermirlər. Onlar həmin maşınları ya metalloma təhvil verməlidirlər, ya da götürüb aparmalı, çıxdaş etməlidirlər. Nə edirlər etsinlər, nömrə nişanları, sənədləri təhvil verilməlidir. Nə qədər itirilmiş nömrələr də var. Ona görə də yeni seriya nömrələrinin çıxarılması zərurəti ortaya çıxır. Buna görə nə hərflər, nə də rəqəmlər artırılır, əvəzinə yeni seriya nömrələri meydana gəlir. Görünür ki, zərurət bunu tələb edir və onlar da yeni  seriya nömrələri verməyə məcbur olurlar”.
Muradlı qeyd edib ki, həvəsə gəlib nömrəni yeniləmək istəyən sürücülər həm də düşəcəkləri xərci nəzərə almalıdırlar: “Təbii ki, 7 rəqəmi bir çoxları üçün həvəskar rəqəmə çevrilib. Nömrə dəyişdisə, avtomatik nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi dəyişdirilir, texniki müayinə həyata keçirilir, uçot xərci var. Yəni aşağı-yuxarı götürdükdə, bir nömrənin dəyişilməsi ən azından 100 manatdan artıq məbləğ edir.  Bu baxımdan daha vacib məsələlərə diqqət ayırmaq lazımdır”.
“Məsələn, avtomobilin texniki sazlığına, avtomobildə dərman qutusunun olmasına, yanğınsöndürən balonların olmasına önəm versələr, yeni seriya nömrəsi ilə məşğul olmaqdan qat-qat faydalı olar. İnsanlar var ki, həmin nömrələrə görə bankdan pul götürüb alırlar, amma həmin pulun cüzi bir hissəsini yanğınsöndürən balon, dərman qutusu üçün xərcləmək istəmirlər. Biabırçılıq bundadır. Problem həmin nömrələrə həvəs göstərən insanların düşüncə tərzindədir”, - deyə mütəxəssis fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Bakıda bu yaxınlarda 100 seriyalı nömrə nişanlarının da verilmisinə başlanılıb. Bu isə yalnız diplomatik nümayəndəliklərin avtomobillərinə təqdim edilir.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    July 2021    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031